PROZEO TTS / TEZLİKLƏ
Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədri
tərəfindən 07 Oktyabr 2022-ci ildə təsdiqlənib
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
PROZEO TTS 0,5 mq/1 ml inyeksiya üçün steril məhlul
PROZEO TTS
Beynəlxalq patentləşdirilməmiş adı: Neostıgmine methylsulfate
Tərkibi Təsiredici maddə: 1 ml məhlulun tərkibində 500 mkq neostiqmin metil sulfat vardır.
Köməkçi maddələr: inyeksiya üçün su
Təsviri Tünd rəngli şüşə ampulada şəffaf, rəngsiz məhluldur.
Farmakoterapevtik qrupu Digər sinir sistemi dərmanları. Antixolinesteraza (asetilxolinesteraza fermentinin inhibitorları).
ATC kodu: N07AA01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Neostiqmin metil sulfat, orqanizmdə xolinesterazın fəaliyyətini inhibə edən və tərkibində 1/2000 neostigmin metil sulfat təsiredici maddəsi olan steril preparatdır.
Neostiqmin metil sulfatın nikotin reseptorlarına təsiri fizostiqmindən daha güclüdür, lakin muskarin reseptorlarına təsiri daha az nəzərə çarpır. Əsasən sərbəst əzələlərə təsir etmək üçün istifadə olunur.
Xolinergik keçid zamanı o, xolinesteraza ilə asetilxolinin birləşməsini zəiflədərək, asetilxolinin hidrolizini inhibə edir. Sinir-əzələ birləşmələrindən impulsların keçməsini asanlaşdırır; xolinergik effekti artırır. O, həmçinin skelet əzələlərinə və mərkəzi sinir sisteminin neyronlarına və vegetativ qanqlion hüceyrələrinə də ola bilsin birbaşa xolinomimetik təsir göstərir.
Farmakokinetikası
Absorbsiyası
Neostiqmin metil sulfat dördüncü ammonium birləşməsidir və mədə-bağırsaq traktından zəif sorulur.
Bununla belə, əzələdaxili yeridilmə zamanı sürətlə sorulur.
Paylanması:
Məlumdur ki, neostiqmin metil sulfat mərkəzi sinir sisteminə keçmir. Ana südü ilə xaric olunması məlum deyil.
Biotransformasiyası
Neostiqmin metil sulfat xolinesteraza tərəfindən hidrolizə olunur və qaraciyərdə mikrosomal fermentlər tərəfindən metabolizə olunur. Miasteniya ilə xəstələrdə aparılan bir araşdırmada plazmadakı pik səviyyələri 30 dəqiqədən sonra qeyd olunmuşdur. Zərdab zülalları ilə 15-25% birləşir.
Xaric olması
Neostiqmin metil sulfat əzələdaxili yeridilmədən sonra sürətlə sorulur və xaric edilir.
Neostiqmin metil sulfat xolinesteraza tərəfindən hidrolizə olunur və ilk 24 saat ərzində təxminən 80%-i sidiklə xaric edilir. Neostiqmin metil sulfat (təxminən 50%) və onun metabolitləri dəyişməmiş şəklində xaric edilir.
Təhlükəsizlik üzrə preklinik məlumatlar
Siçanlarda neostiqmin metil sulfatın LD50 dəyərləri venadaxili tətbiqi zamanı 0,3 ± 0,02 mq/kq olmuşdur; dəri altına yeridildikdə 0,54 ± 0,03 mq/kq, əzələdaxili yeridilmədə isə 0,395 ± 0,025 mq/kq təşkil edir.
Siçovullarda neostiqmin metil sulfatın LD50 dəyərləri venadaxili yeritmə zamanı 0,315 ± 0,019 mq/kq olmuşdur; dərialtı yeridilmədə 0,445 ± 0,032 mq/kq, əzələdaxili yeridilmədə isə 0,423 ± 0,032 mq/kq təşkil edir.
İstifadəsinə göstərişlər
PROZEO TTS aşağıdakı hallarda istifadə olunur:
- Miasteniya,
- Bağırsaqların paralitik keçilməzliyi,
- Əməliyyatdan sonra sidik ifrazının ləngidilməsi,
- Periferik damar pozğunluğu və okklüziya,
- Bağırsaqların atoniyası,
- Hemiplegiya və monoplegiya.
Əks göstərişlər
PROZEO TTS aşağıdakı hallarda istifadə edilməməlidir:
- neostiqmin metilsulfata qarşı yüksək həssaslığı olan xəstələr;
- peritonit, qanqrena;
- bağırsaqlarda və ya sidik yollarında mexaniki təsir nəticəsində yaranmış keçilməzlik halları;
- suksametonium kimi miorelaksantlarla birlikdə.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
PROZEO TTS yalnız aşağıdakı hallarda xüsusi ehtiyatla və tibbi nəzarət altında istifadə edilməlidir:
- Epilepsiya
- Bronxial astma
- Bradikardiya
- Yeni əmələ gələn koronar okklüziya
- Hipertireoidizm
- Ürək aritmiyaları
- Mədə xorası
- Vaqotoniya
- Parkinson xəstəliyi
- Böyük miqdarda PROZEO TTS -ın yeridilməsinə ehtiyac yarandıqda, atropin sulfatın eyni vaxtda və ya əvvəlcədən inyeksiyası tövsiyə oluna bilər. Burada PROZEO TTS və atropin üçün fərdi enjektorlardan istifadə edilməlidir.
- Bəzi xəstələrdə həssaslığın ola biləcəyini nəzərə alaraq, preparata qarşı şiddətli xolinergik reaksiya zamanı PROZEO TTS-nın muskarin təsirlərinə qarşı antaqonist kimi atropin və şok əleyhinə dərman hər zaman əl altında saxlanılmalıdır.
- Doza həddinin aşılması nəticəsində baş verən miastenik krizi və xolinergik krizi bir-birindən ayırmaq lazımdır. Hər iki kriz həddindən artıq əzələ zəifliyinə gətirir, lakin əsasən fərqli müalicə tələb edir.
- PROZEO TTS siklopropan və ya halotan ilə anesteziyası zamanı yeridilməməlidir; lakin bu dərmanların təsiri keçdikdən sonra o istifadə edilə bilər.
Yaşlılar
Yaşlılarda böyüklər üçün təyin edilmiş dozalar istifadə edilməlidir.
Uşaqlar
Pediatriyada effektivliyi və etibarlılığı təsbit edilmədiyi üçün uşaqlar üçün təyin olunan bədən çəkisi ilə bağlı dozalar artılmamalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Neomisin, streptomisin, kanamisin kimi bəzi antibiotiklər az, lakin müəyyən qeyri-depolyarizasiya blokada edici təsirlərə malikdir. Bu effektlər sinir-əzələ blokadasını gücləndirir. Bu antibiotiklər ciddi göstəriş üzrə istifadə edilməlidir və onların dozasının diqqətlə tənzimlənməsinin tələb olunduğunu nəzərə almaq lazımdır.
Yerli və ümumi anestetiklər, antiaritmik vasitələr, sinir-əzələ keçidində qarışıqlığa səbəb olan digər dərmanlar ehtiyatla istifadə edilməlidir.
Myastenia qravis olan xəstələrdə PROZEO TTS-nın dozası müvafiq olaraq tənzimlənməlidir.
Sinir-əzələ blokatorları: PROZEO TTS depolyarizasiya etməyən miorelaksantların (tubokurarin, qallamin və ya pankuronium kimi) təsirlərinin qarşısını effektiv şəkildə alır və bu qarşılıqlı təsir əməliyyatdan sonra əzələlərin relaksasiyasını bərpa etmək üçün terapevtik üstünlük kimi istifadə edilə bilər. PROZEO TTS suksinilxolin kimi faza I depolyarizasiya edən miorelaksantların təsirinə qarşı çıxmır, əksinə, təsir müddətini uzadır.
Digər preparatlar:
Atropin PROZEO TTS-nın muskarin təsirlərinə qarşı çıxır, bu qarşılıqlı təsir PROZEO TTS-nın toksikliyinin muskarin simptomlarını aradan qaldırmaq üçün istifadə olunur.
Xüsusi qrup əhali üçün əlavə məlumat
Uşaqlar:
Uşaqlarda qarşılıqlı təsir tədqiqatları aparılmamışdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik kateqoriyası: C.
Reproduktiv potensialı olan qadınlar/mayalanmaəleyhinə vasitələr (kontrasepsiya)
Reproduktiv yaşda olan qadınlarda və kontrasepsiyadan istifadə edənlərdə preparatın istifadəsi üzrə tövsiyələr yoxdur.
Hamiləlik
Hamilə qadınlarda PROZEO TTS-nın istifadəsi ilə bağlı kifayət qədər məlumat yoxdur.
Heyvanlar üzərində aparılan tədqiqatlardan hamiləlik, embrion inkişaf, doğuş və postnatal inkişafa dair təsirləri ilə bağlı son nəticələr yoxdur, insanlar üçün potensial risk məlum deyil.
Hamilə qadına təyin edildikdə fertilliyə təsir edib-etməyəcəyi və ya zərər verib-verməyəcəyi bilinmir. Buna görə də, PROZEO TTS hamilə qadına yalnız xüsusi ehtiyac olduqda təyin edilir.
PROZEO TTS hamiləlik dövründə ehtiyac olmadıqda istifadə edilməməlidir.
Laktasiya
Onun ana südü ilə xaric olub-olmadığı məlum deyil.
Bir çox dərmanlar ana südü ilə xaric olduğundan, PROZEO TTS-nın ciddi mənfi təsirləri isə ana südü ilə qidalanan körpələrdə yüksəkdir. Preparatın qəbulunu ana üçün vacib olduğunu nəzərə alaraq, ana südü ilə qidalandırmanın və ya preparatın dayandırılmasına qərar verilməlidir.
Reproduktiv qabiliyyəti/fertillik
Laborator heyvanlar üzərində və ya hamilə qadınlar üzərində PROZEO TTS-nın adekvat tədqiqatları aparılmamışdır. Kifayət qədər araşdırma olmadığı üçün fetotoksikliyi və fertilliyə təsirinin olub olmadığı bilinmir. Hamilə qadınlarda istifadə ediləcəksə, fayda və zərər balansı nəzərə alınmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Xəstə PROZEO-nın müalicəsinə necə reaksiya verəcəyini öyrənənə qədər nəqliyyat vasitəsini sürməkdən və mexanizmlərdən istifadə etməkdən çəkinməlidir.
İstifadə qaydası və dozası Neostiqmin metil sulfat venadaxili (v/d) çox ləng yeridilməlidir. Baş verə biləcək ağır xolinergik reaksiyaları nəzərə alaraq atropin sulfat ilə şpris hər zaman mövcud olmalıdır.
Nəzərə alaraq ki, tətbiq olunan doza xəstəliyin növünə, şiddətinə və müalicənin cavabına görə dəyişir, adətən istifadə edilən sutkalıq dozalar aşağıdakılardır:
Miasteniya qravis:
Maksimum güc tələb olunduqda, gün ərzində fasilələrlə əzələdaxili və ya dərialtı 1-2,5 mq yeridilir. Bir dozanın adi təsir müddəti 2-4 saatdır. İnyeksiya yolu ilə yeridilən ümumi gündəlik doza adətən 5-20 mq təşkil edir, baxmayaraq ki, bəzi xəstələrə daha yüksək dozalar tələb oluna bilər.
Depolyarizasiya etməyən miorelaksantların antaqonisti kimi:
İflicin spontan həlli təmin olunmursa, Neostiqmin ilə sinir-əzələ blokadasının qarşısının alınmasına cəhd edilməməlidir.
Böyüklərdə depolyarizasiya etməyən miorelaksantların tam ləğv olunması üçün 5-15 dəqiqə ərzində 0,05-0,07 mq/kq bədən çəkisinə neostiqminin birdəfəlik yeridilməsi kifayət edir və ya 0,02-0,03 mq/kq atropinin bir dəqiqə ərzində venadaxili ləng inyeksiyası kifayətdir.
Maksimum tövsiyə olunan doza böyüklər üçün 5 mq. Atropin və neostiqmin eyni vaxtda təyin oluna bilər, lakin bradikardiyalı xəstələrdə neostiqmini verməzdən əvvəl ürək yığılmalarının tezliyini atropin vasitəsilə dəqiqədə 80 qədər artırmaq lazımdır.
Diaqnostik yardım (miasteniyada):
0,6 mq atropin ilə 1,5 mq (3 ml) əzələdaxili və ya dərialtı. Bir neçə dəqiqədən bir saata qədər əzələ zəifliyində əhəmiyyətli bir yaxşılaşma miasteniyanin olduğunu göstərir.
Kurareforma üçün antidot:
0,5 mq (1 ml) – 2 mq (4 ml) venadaxili doza tədricən artırıla bilər, lazım gələrsə 5 mq (10 ml) qədər. Başlanğıcdan sonrakı dozalar 0,5 mq-dan (1 ml) az ola bilər. Venadaxili yeridildikdə, preparatın muskarinin əlavə təsirlərinin qarşısını almaq üçün 0,6-1,2 mq atropin sulfatın ya əvvəlcədən, ya da ki PROZEO TTS ilə birlikdə venadaxili yeridilməsi tövsiyə olunur.
Əməliyyatdan sonrakı gərginliyin və ya sidik tutulmasının qarşısını almaq üçün:
Əməliyyatdan dərhal sonra 0,25 mq (0,5 ml) əzələdaxili və ya dərialtı. Bu doza üç gün ərzində hər 4-6 saatdan bir təkrarlanır.
Əməliyyatdan sonrakı müalicə üçün:
0,5 mq (1 ml) əzələdaxili və ya lazım olduqda dərialtı.
Sidik tutulmasının müalicəsi üçün:
0,5 mq (1 ml) əzələdaxili və ya dərialtı. Bu doza ən azı beş dəfə, hər üç saatda bir, sidik ifrazından sonra və ya sidik kisəsi boşaldıqdan sonra təkrarlanır.Əgər 0,5 mq (1 ml) ilkin dozadan sonra bir saat ərzində sidik ifrazı baş verməsə, xəstə kateterləşdirilməlidir.
Digər göstərişlər:
Böyüklərdə 0,5-2,5 mq neostigqmin metil sulfat dərialtı və ya əzələdaxili olaraq yeridilə bilər.
Xüsusi qrup xəstələr üçün əlavə məlumat
Böyrək/qaraciyər çatışmazlığı
Böyrək çatışmazlığı olan xəstələrdə neostiqminin dozasına düzəliş tələb oluna bilər. Normal böyrək funksiyası olan xəstələrdə zərdabdan yarımxaricolma dövrü 79,8 dəqiqə təşkil edir, böyrək funksiyasının pozulması olan xəstələrdə isə 181,1 dəqiqəyə qədər artır.
Uşaqlar
Ümumi pediatrik doza.
Antimiastenik
Əzələdaxili və ya dərialtı, 1 kq bədən çəkisi üçün 0,01-0,04 mq, hər iki və ya üç saatdan bir. Muskarin əlavə təsirin qarşısını almaq üçün hər kiloqram bədən çəkisi üçün 0,01 mq atropinin dozası PROZEO TTS-nın hər bir dozası ilə birlikdə əzələdaxili və ya dərialtı yolla və ya ardıcıl olaraq tətbiq oluna bilər.
Miasteniya qravis
Neonatal miasteniya qravis ilkin olaraq 0,1 mq əzələdaxili neostiqmin ilə müalicə edilə bilər. Sonra doza fərdi olaraq təyin edilməlidir. Amma adətən 0,05-0,25 mq və ya 0,03 mq/kq əzələdaxili hər 2-4 saatdan bir yeridilir. Yenidoğulmuşlarda xəstəliyin özünü məhdudlaşdıran təbiətinə görə, dərman ləğv edilənə qədər gündəlik doza azaldıla bilər.
12 yaşa qədər uşaqlarda
Lazım olduqda inyeksiya şəklində 0,2-0,5 mq yeridilə bilər. Doza tələbləri xəstənin reaksiyasına uyğun olaraq tənzimlənməlidir.
Depolyarizasiya etməyən miorelaksantların antaqonisti kimi:
İflicdən spontan sağalma mümkün olmadıqda, neostiqmin ilə sinir-əzələ blokadasının bərpasına cəhd edilməməlidir.
Uşaqlarda 0,05-0,07 mq/kq bədən çəkisinə neostiqminin birdəfəlik dozası və ya 0,02-0,03 mq/kq atropinin venadaxili bir dəqiqə ərzində ləng yeridilən birdəfəlik dozası depolarizasiya etməyən miorelaksantların 5-15 dəqiqə ərzində tamamilə xaric olunması üçün kifayətdir.
Maksimum tövsiyə olunan doza uşaqlarda 2,5 mq. Atropin və neostiqmin eyni vaxtda yeridilə bilər, lakin bradikardiyalı xəstələrdə neostiqmini verməzdən əvvəl ürək yığılmalarının tezliyini atropin vasitəsilə dəqiqədə 80 qədər artırmaq lazımdır.
Kurareforma üçün antidot
0,02 mq atropin 1 kq bədən çəkisinə və ya hər kq bədən çəkisi üçün 0,04 mq PROZEO TTS venadaxili yeridilir.
Diaqnostik yardım (Miasteniya üçün)
Əzələdaxili: hər kq bədən çəkisi üçün 0,04 mq və ya hər dozada bədən səthinin kvadrat metrinə 1 mq.
Venadaxili: hər kq bədən çəkisi üçün 0,02 mq və ya bədən səthinin hər kvadrat metrinə 0,5 mq.
Digər göstərişlər
Uşaqlarda 0,125-1 mq venadaxili. Dozalar xəstənin fərdi ehtiyaclarına uyğun olaraq tənzimlənə bilər.
Yaşlı xəstələr
Yaşlılarda neostiqmin metil sulfatın dozalanma rejimi üzrə xüsusi tövsiyələr yoxdur.
Əlavə təsirləri
Bildirilən arzuolunmaz təsirlər tezlik sırasına görə aşağıdaki kimi müəyyən edilir.
Çox tez-tez (≥1/10), tez-tez (≥1/100 – <1/10), bəzən (≥1/1000 – <1/100), nadir (≥1/10,000 – <1/1000) çox nadir ( <1/10,000), tək-tək məlumatlar də daxil olmaqla.
İmmuni sisteminin xəstəlikləri
Bəzən: allergik reaksiyalar.
Nadir hallarda: anafilaksiya.
Sinir sisteminin xəstəlikləri
Nadir hallarda: başgicəllənmə, baş ağrısı.
Çox nadir hallarda: qıcolmalar, huşsuzluq, yuxuya meyillik, dizartriya, mioz, disfoniya, görmə pozğunluğu.
Göz xəstəlikləri
Nadir: mioz, göz yaşının axması.
Ürək-damar pozğunluqları
Nadir hallarda: aritmiya, xüsusilə bradikardiya, taxikardiya, AV blokadası, düyünlü ritm, qeyri-spesifik EKQ dəyişiklikləri, bayılma, hipotenziya.
Çox nadir: ürək dayanması.
Tənəffüs sisteminin xəstəlikləri
Bəzən: oral, qırtlaq və bronxial ifrazatın artması.
Nadir hallarda: təngnəfəslik, larinqospazm, bronxial sıxılması.
Çox nadir hallarda: tənəffüs əzələlərinin iflici, tənəffüsün sönməsi, tənəffüsün dayanması, bronxospazm.
Mədə-bağırsaq xəstəlikləri
Bəzən: ürəkbulanma, qusma, həddindən artıq ağız suyu ifrazı, ishal, mədə spazmaları.
Nadir hallarda: disfagiya, qarında köp.
Dəri və dərialtı toxumanın xəstəlikləri
Nadir: dəri səpgiləri, övrə.
Çox nadir hallarda: tromboflebit.
Hərəkət-dayaq aparatının xəstəlikləri
Nadir hallarda: zəiflik, sinir sıxılması, əzələ qıcolmaları, spazmalar, artralgiya.
Böyrək və sidik yollarının xəstəlikləri
Nadir: sidik ifrazına çağırış.
Digərləri
Nadir: həddindən artıq tər ifrazı, istilik hissi.
Doza həddinin aşılması
Simptomları
Neostiqmin metilsulfatın həddindən artıq dozasının simptomları tərləmə, göz yaşının axması, zökəm, mədədə köp, qeyri-sərbəst defekasiya və sidik ifrazı, üzün qızarması, mioz, konyunktiva qanaxması, kirpiklərin spazmı, nistaqm, narahatlıq, qorxu, bronxial sekresiyanın artması, bradiyakardiya və hipotoniya, əzələ spazmı, nəticədə şiddətli zəiflik, iflic, qıcolmalar və koma. PROZEO TTS və oxşar parasimpatomimetik dərmanlardan istifadə edərkən, atropin dərhal istifadə üçün lazım olduqda hər zaman mövcud olmalıdır.
Müalicəsi
Antidot verilənə qədər ilk ehtiyat tədbiri olaraq süni tənəffüs; 5-10 mq diazepam venadaxili yeridilir. Antidot olaraq 2 ml (= 2 mq) atropin venadaxili yavaş-yavaş yeridilir. Bu doza tənəffüs zəifliyi aradan qaldırılana qədər ehtiyac olduqda hər 2-4 saatdan bir əzələdaxili olaraq yeridilir. Tubokurarinin kiçik dozaları inhalyasiya yolu ilə verilir.
Oksigen tələb oluna bilər. Atropin verildikə, yaxşılaşma dərhal müşahidə olunur.
Uyğunsuzluqlar
PROZEO TTS yerli və ümumi anestetiklər, antiaritmik vasitələr və sinir-əzələ ötürülməsində çaşqınlıq yaradan digər preparatlarla ehtiyatla istifadə edilməlidir. Miasteniya qravisi olan xəstələrdə doza müvafiq olaraq tənzimlənməlidir.
Buraxılış forması 1 ml məhlul kəhrəba rəngli şüşə ampulda. 6 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti 25°C-dən yüksək olmayan otaq temperaturunda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti 2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti Resept əsasında buraxılır.
İstehsalçı TURKTIPSAN SAĞLIK TURİZM EĞİTİM VE TİC A.Ş. AKYURT/ANKARA
Büğdüz Mahallesi, Kaymakam Ali Galib, Caddesi №28, Akyurt/Ankara, Türkiyə.
Qeydiyyat vəsiqəsinin sahibi TURKTIPSAN SAĞLIK TURİZM EĞİTİM VE TİC A.Ş. AKYURT/ANKARA
Büğdüz Mahallesi, Kaymakam Ali Galib, Caddesi №28, Akyurt/Ankara, Türkiyə.